Həyat standartı
Həyat standartı — müəyyən bir coğrafi ərazidə, adətən bir ölkədə müəyyən sosial-iqtisadi sinif üçün əlçatan olan sərvətin, rahatlığın, əmlakın və ehtiyacların səviyyəsi. Həyat standartı özündə gəlir, işin keyfiyyəti və əlçatanlığı, sinfi fərqlər, yoxsulluq səviyyəsi, mənzilin keyfiyyəti və əldə edilə bilməsinin mümkünlüyü, zəruri ehtiyac mallarının alınması üçün tələb olunan iş vaxtı, ümumi daxili məhsul, inflyasiya dərəcəsi, hər il boş vaxtın miqdarı, keyfiyyətli səhiyyəyə əlverişli (və ya pulsuz) çatımlılıq, təhsilin keyfiyyəti və əlçatanlığı, həyat gözləntiləri, xəstəliyin baş vermə dərəcəsi, mal və xidmətlərin dəyəri, infrastruktur, milli iqtisadi artım, iqtisadi və siyasi sabitlik, azadlıq, ətraf mühitin keyfiyyəti, iqlim və təhlükəsizlik kimi faktorları ehtiva edir. Həyat standartı həyat keyfiyyəti anlayışı ilə yaxından əlaqədardır.
Həyat standartı, ümumən, adambaşına düşən real (inflyasiya da nəzərə alınmaqla) gəlir və yoxsulluq səviyyəsi kimi standartlarla qiymətləndirilir. Səhiyyənin keyfiyyəti və əlçatanlığı, gəlir artımı bərabərsizliyi, təhsil standartları kimi digər meyarlar da istifadə edilir. Müəyyən mallara çatımlılıq (məsələn, hər 1000 nəfərə düşən soyuducu sayı), eləcə də həyat gözləntiləri kimi sağlamlıq meyarları da buna nümunədir. Bu, bir növ müəyyən bir dövrdə və ya yerdə yaşayan insanların öz ehtiyaclarını və (və ya) istəklərini təmin edə biləcəyi asanlıqdır.
"Standart" sözünün əsas məğzi həyat keyfiyyəti ilə ziddiyyət təşkil edə bilər. Belə ki, sonuncu maddi həyat standartları ilə yanaşı, insan həyatını təşkil edən qeyri-maddi aspektləri də, məsələn, asudə vaxt, təhlükəsizlik, mədəni resurslar, sosial həyat, fiziki sağlamlıq, ətraf mühitin keyfiyyəti məsələlərini də nəzərə alır. Belə qərarlar vermək üçün rifah halının ölçülməsinin daha mürəkkəb vasitələrindən istifadə etmək lazımdır, lakin bu da olduqca siyasi xarakterlidir; odur ki, həm də mübahisəlidir.